İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Ismayıllı rayon MKS
Tədbirlər
3 Sentyabr , 2021
İsmayıllı rayon MKS-nin Ağbulaq kənd kitabxana filialı aktyor, rejissor, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı, Azərbaycanın Xalq Artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Yaşar Nurinin 70 illik yubileyi münasibətilə videoçarx hazırlayıb.
Linkə daxil olar videonu izləyə biləsiniz
https://www.facebook.com/100023535097787/videos/274610097522652/
 


Məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olmuşdur. Bundan başqa O, "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak etmişdir. Müxtəlif dram dərnəklərinə getmiş, 26-lar adına mədəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış etmişdir.

Şagird Yaşar gözəgörünən fitri istedada malik idi. O, cəld, çevik idi, sıxılmırdı, improvizə edə bilirdi. Səsi aydın və yapışıqlı, çöhrəsi şirin, xoşagəlimli idi. Uşaq Yaşar rol apararkən gözləri gülürdü. O, özü də öz oyunundan zövq alırdı.

10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olur.

 "Sevil"də Balaş, "Toy"da Salmanov, "Günahsız Müqəssirlər"də Neznamov və s. obrazları yaratmışdır.

1972-ci ildə institutu bitirdikdən sonra 1 il orduda xidmət etmiş və institutun tədris teatrında aktyor işləmişdir. 1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.

Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də məşhur kino ustasıdır. Onun böyük populyarlıq qazandığı çoxlu ekran obrazları var. Əlliyə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur. Bunlardan Ramiz Həsənoğlunun hazırladığı Ruhəngiz Qasımovanın "Yollar görüşəndə…", "Ömrün yolları", İsi Məlikzadənin "Qatarda", Anarın "Evləri köndələn yar", Mövlud Süleymanlının "Kökdən düşmüş piano", Hüseyn Cavidin "Topal Teymur", Aslan Qəhrəmanovun əsərləri əsasında Tariyel Vəliyevin lentə aldığı "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" trilogiyası, İslam Səfərlinin "Göz həkimi", Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında "Ac həriflər" və s. televiziya tamaşalarını misal göstərmək olar.

Yaşarın obrazlar kolleksiyasından söz açdıqda onun "Yaramaz"dakı Maşallahını, "Lətifə"dəki Məmmədini, "Qətl Günü"ndəki Mahmud doktorunu, "Nə gözəldir bu dünya…"dakı Asim Əliyeviçi, "Hər Şey Yaxşılığa doğru", "Nakəs", ""Fransız"", "Yoxlama" filmlərindəki bir-birindən maraqlı və yaddaqalan rollarını mütləq xatırlamalıyıq. Bu rolları tamaşaçılara sevdirən də məhz aktyorun böyük sənətkarlıq istedadı və çəkdiyi sonsuz zəhmətdir.

Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Bakı şəhərindəki Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalında vəfat etmişdir.


 


Foto Qalereya