İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Ismayıllı rayon MKS
Görkəmli şəxsiyyətlər
8 Aprel , 2015

                                                  Çingiz  Ələkbərzadə

Çingiz Ələkbərzadə 1936-cı il oktyabrın 17-də Bakı şəhərində anadan olmuşdur. Tovuz şəhərindəki A.S.Puşkin adına şəhər orta məktəbini bitirmişdir (1955). ADU-nun filologiya fakültəsində təhsil almışdır (1955-1960).

Tələbəlik dövründə "Kökəlməyin sirri" hekayəsi almanaxda dərc olunmuşdur (1958). Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əmək fəaliyyətinə Əli Bayramlı rayonundakı 2 saylı orta məktəbdə müəllim kimi başlamışdır (1960).

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri komitəsində son xəbərlər redaksiyasında işləmişdir (1961-1966). İsmayıllı rayonundakı İvanovka kəndində müəllim (1966-1968), Əli Bayramlı rayonunda "İşıq" qəzeti redaksiyasında məktublar şöbəsinin müdiri (1968-1971), İsmayıllı rayonunda "Zəhmətkeş" qəzeti redaksiyasında məktublar şöbəsinin müdiri (1971-1972), Azərbaycan SSR Televiziya və Radio Verilişləri komitəsində "Günün səsi" xəbərlər baş redaksiyasında müxbir (1972-1973), "Azərbaycanfılm" kinostudiyasında ssenarist (1973-1975), "Kirpi" satirik jurnalında ədəbi işçi (1976-1979), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində "Günün ekranı" redaksiyasında ştatdankənar müxbir (1979-1984), Şirvan bölgəsi üzrə xüsusi müxbir (1984-1989) olmuşdur. Özbəkistanda keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak etmişdir (1980). Durğunluq dövründə ictimai qüsurları kəskin tənqid etdiyinə görə həbs edilmişdir (1986-1988). Sonra bəraət almış, bədii yaradıcılıqla məşğul olmuşdur. 1999-cu il yanvarın 7-də vəfat etmişdir.