İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik,zəka mənbəyidir.
Görkəmli şəxsiyyətlər
1 Aprel , 2015

                                                                  Hikmət Mahmudov

   Hikmət İsmayıl oğlu Mahmudov 1936-ci il may ayının 15-də İsmayıllı rayonunun ecazkar təbiətli Mican kəndində dünyaya göz açmışdır. İsmayıllı rayonunda orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (hazırda BDU) geoloji-coğrafiya fakültəsində təhsil almışdır. Oxuduğu müddətdə fakültənin ən fəal və istedadlı tələbəsi kimi tanınmışdır. 1963-cü ildə universiteti bitirərək mühəndis-geoloq ixtisasına yiyələnmiş və təyinatını Qazaxstan Respublikasına almışdır. 1963-1964-cü illərdə Aktyubinski Vilayətinin Muqodjar geoloji-partiyasında texnik-geoloq və geoloq vəzifələrində çalışmışdır. Bu müddət ərzində H.Mahmudov gərgin və səmərəli axtarışlar apararaq Aktyubinski vilayətində bir neçə qızıl, gümüş, nadir elementlər, pyezokvars və digər yataqlar aşkar etmişdir. O, Qazaxstanda, xüsusən də Cənubi Muqodjar sahəsində qızılın olmasını ilk dəfə aşkar etmişdir. Rəhbərlik tərəfindən təşəkkürnamələr, fəxri fərmanlar və pul mukafatları almışdır.

   Hikmət Mahmudov geokimya, vulkanologiya və ekologiya elmləri üzrə tanınmış mütəxəssisdir. Əsas elmi istiqaməti isə qeyri-filiz faydalı qazıntıların fiziki-kimyəvi və geokimyəvi xüsusiyyətlərinin öyrənilməsidir. Respublikada aşkar edilən perlit yataqlarının geokimyəvi xüsusiyyətlərini ilk öyrənən və onları hərtərəfli tədqiq edən, habelə miosen yaşlı "Güneydaq" perlit yatağını aşkar edən məhz professor Hikmət Mahmudovdur. O, vakuum sistemli cihaz yaradaraq dünya elm təcrübəsində ilk dəfə vulkanik süxurlardan suları və qazları almış, onların fiziki-kimyəvi xüsusiyyətlərini öyrənmişdir.

   Alimin apardığı elmi-tədqiqatların nəticələri onun namizədlik və doktorluq dissertasiyalarında, respublika və xarici ölkələrin nəşrlərində, habelə 15 elmi kitabında, o cümlədən 9 monoqrafik əsərdə, 4 dərslik və dərs vəsaiti kitablarında, 170-dən çox elmi məqalələrində, elmi hesabatlarda, 7 müəlliflik şəhadətnamələri və səmərələşdirici təkliflərdə öz əksini tapmışdı.

   H.Mahmudovun "Təbii ehtiyatların istifadəsi və mühafizəsi" adlı tədris vəsaiti, "Faydalı qazıntılar və onların tətbiqi", "Asiyanın ürəyi", "Geokimyanın əsasları", "Azərbaycanın mineral xammal sərvətləri və ətraf mühit" və bir çox digər kitabları nəinki geoloq və ekoloqlar, habelə ali məktəb müəllimləri və tələbələri üçün də çox faydalıdır.

   O, 45 ildən çoxdur ki, ali məktəblərdə dərs deyir. Hazırda Hikmət müəllim Bakı Dövlət Universitetində öz pedaqoji fəaliyyətini davam etdirərək geokimya və ekologiya fənlərindən mühazirələr aparır. Vaxtilə onun dərs dediyi tələbələr bu gün artıq Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvləri, professorlar, dekan və kafedra müdirləridir.