İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

İsmayıllı rayon MKS
Elanlar
1 Sentyabr , 2022
İlin o vaxtı idi ki, yay istisi adamların canından yenicə çıxmış, soyuq isə hələ kar eləməmişdi. Pəncərələr yenicə örtülür, qış tədarükü yada düşürdü. İsti paltarların boğçadan çıxarılıb həyətlərdə, eyvanlarda çırpıldığını, şəritə atıldığını görmək, köhnəlmiş naftalin iyini duymaq olurdu. Dünənəcən sərinlik axtaranlar indi daha kölgədən qaçır, küçənin günəşli tərəfınə keçirdilər. Üzlərə dəyən yüngül küləyin soyuqluğundan, saralmış yarpaqların kəpənək kimi tək-tək yerə enməsindən, gündüzlərin qısalmasından, havaların tutulmasından, arana köçən durna qatarlarının göydən gələn boğuq səsindən, məhsul yığımından, meyvə bolluğundan... məlum idi ki, payızdır. PAYIZ.
“Mütaliəçilər” kitab klubunun sentyabr ayı üçün seçdiyi müzakirə kitabı Mir Cəlaldan “Açıq kitab” romanı oldu.
Müzakirə 29 sentyabr 2022-ci il tarixində Mərkəzi kitabxanada keçiriləcək. Hər birinizə xoş mütaliələr. Müzakirədə maraqlı və fərqli fikirlərinizi eşitmək bizə xoş olar.