İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

İsmayıllı rayon MKS
Tədbirlər
19 Yanvar , 2023
“20 Yanvar-Qan yaddaşımızdır” adlı məlumat saatı təşkil edilib
19 yanvar 2023-cü il tarixində İsmayıllı rayon Mərkəzi kitabxanasında 20Yanvar–Ümumxalq Hüzn günü ilə əlaqədar “20 Yanvar-Qan yaddaşımızdır” adlı sərgi və məlumat saatı təşkil edilib.
İlk öncə bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra İsmayıllı rayon MKS-nin direktoru Orxan Ağayev, Metodika və biblioqrafiya şöbəsinin əməkdaşı Lətifova Ruhiyyə, qazi Orxan Babazadə çıxış ediblər.
Çıxışlarda bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən dinc əhaliyə divan tutulmuşdur və nəticədə Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri də olmuşdur.
20 Yanvar hadisələri Azərbaycan tarixində təkcə faciə deyil, istiqlal yolumuzun ilk zirvəsi, milli azadlığın oyandığı gündür. Uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı , öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Xalqımızın xilaskarı, ulu öndər Heydər Əliyev bu faciəni Azərbaycana qarşı törədilmiş bəşəri cinayət adlandırmış, Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlmiş və öz etiraz səsini ucaltmışdır.
20 Yanvar xalqımızın həyatında dərin və sonsuz hüzn törətməsinə baxmayaraq, Ulu öndər onu tarixi qəhramanlıq nümunəsi kimi dəyərləndirmiş, yeni nəsillər üçün örnək səviyyəsinə yüksəltmişdir. 20 Yanvar şəhidlərinin xatirəsi daim əziz tutulur və dərin ehtiramla yad edilir.
Həmçinin kitabxananın daimi oxucusu, 20Yanvar faciəsinin canlı şahidi olmuş Rövşən Şirəliyev o günlərin xatirələrini tədbir iştirakçıları ilə bölüşdü. Çıxışında vurğuladı ki, bu hadisələr azərbaycan xalqının milli ruhunu qıra bilmədi. Şəhidlərimizin qanı yerdə qalmadı və xalqımızın müstəqilliyə gedən yolunda ilk addımlları oldu.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Foto Qalereya