İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

İsmayıllı rayon MKS
Xəbərlər
12 Mart , 2023
Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir
Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi böyük ədəbi şəxsiyyət, görkəmli şair və mütəfəkkir Nizami Gəncəvi ölməz əsərləri ilə dünya şöhrəti qazanmışdır.
Nizami Gəncəvinin adı dünya ədəbiyyatının ən görkəmli klassikləri sırasında çəkilir.
Nizami Gəncəvi şeir-sənət səmasında günəş kimi parlayır. Bütövlükdə mədəni dünya Nizami Gəncə­vini dahi şair, qüdrətli sənətkar, bəşəri təfəkkürə malik böyük mü­təfəkkir kimi qəbul edir. Bu mənada Nizami Gəncəvi söz sənətinin möh­təşəm bahadırıdır. Onun əsərlərində dünyanın bir çox ölkə­lərinin və xalqlarının həyatından alınmış ibrətamiz sü­jetlər və işıqlı, düşün­dürücü obrazlar vardır. Ölməz sənətkarın «Xəmsə» adlanan məşhur poemaları sanki Qərbin və Şərqin ədəbiyyat ensiklope­diyasıdır. Yunanıstandan Hindis­tana, Ərə­bis­tan­dan Rusiyaya, İrandan Balkanlara qədərki geniş məkanın hadisələri və şəxsiyyətlərini Nizami Gəncəvi böyük mə­harətlə ədəbiyyata həkk et­mişdir.
Böyük fateh Makedoniyalı İsgəndərin az qala dün­yanın yarısını əhatə edən yürüşlərini heç bir sənətkar dünya ədəbiy­yatında Nizami Gəncəvi miqyasında yüksək bədii səviyyədə işıqlandıra bil­mə­mişdir. Nizami Gəncəvinin bir sənətkar kimi şöhrətini daha çox Makedoniyalı İsgəndərlə müqayisə etmək olar. İsgən­dərin qılıncla fəth etdiyi ölkələri Nizami Gəncəvi qələmlə ram etmişdir.
Nizami Gəncəvinin dünya dillərinə tərcümə edilmiş əsərləri va­sitəsilə Avropa xalqları geniş şəkildə Şərqi tanımaq imkanı qazanmışlar. Bu mənada Ni­zami Gəncəvi Şərq dünyasının və Azərbaycanın Qərb ölkələrində və ümumən dünyada ən böyük bələdçisidir.
Nizami Gəncəvi 1141-ci ildə Azərbaycanın qədim Gəncə şəhərində anadan ol­muşdur. Tarix boyu Gəncə şəhəri həmişə Azərbaycana aid ol­muş, bu şəhərdə azərbaycanlıların ulu babaları olan oğuz tay­fa­ları yaşa­mışlar. Özünə Nizami Gəncəvi təxəllüsü qəbul etmiş İlyas Yusif oğlu Gəncə şəhərində mədrəsə təhsili almış, həyatını əsasən bu şəhərdə keçirmişdir. Ehtimala görə o, çox az hallarda Gəncə şəhərindən kənara çıxmışdır.
Nizami Gəncəvinin tərcümeyi-halı qədim Azərbaycan əraziləri olan Gəncə ilə yanaşı, Bərdə, Naxçıvan, Dərbənd şəhərləri, Həmdünyan və Şəki kəndləri kimi Azərbaycan coğrafiyasına aid olan yaşayış məntə­qə­ləri ilə bağlı olmuşdur.
Nizami Gəncəvi 1209-cu ildə Gəncə şəhərində vəfat etmiş və orada dəfn olunmuşdur. Hazırda dahi şair və mütəfəkkirin məzarı üzərində onun xatirəsinə möhtəşəm məqbərə ucalır.
Nizaminin fars-tacik, yaxud fars ədəbiy­yatını təmsil etməsi və ya ümumi şəkildə müsəlman xalqlarına aid şair olması fikrini irəli sürən bəzi mülahizələr mövcuddur. Və bu qəbildən olan fikirlərin sahiblərinin ən çox istinad etdikləri amil dil fak­torudur.
Nizami Gəncəvinin yaşadığı XII-XIII əsrlərdə fars dilində yazıb-yaratmaq təkcə Azərbaycanda deyil, Anadoluda, Qafqazda, Orta Asiyada, Hindistanda ümumən Şərq xalqları­nın ədəbiyyatlarında qəbul olunmuş qaydalardan biri idi. Şərqdə uzun əsrlər, o cümlədən Nizaminin zamanında da «fars dili – şeir di­li, ərəb dili elm dili, türk dili isə hərb dili» ki­mi qəbul edilmişdi. Qoca Şərqin böyük dühası olan onlarla şair­lər və alimlər mənsub olduqları xalqların dilində deyil, ərəb-fars dillərində yazıb-yarat­mışlar. Hətta öz zamanında bunun bir çox üstünlükləri də var idi. Əvvəla, ərəb-fars dillərində elmi-ədəbi əsərlər yazmaqla görkəmli sənətkarlar geniş mənada ümumşərq məkanında oxunmaq, tanın­maq imkanları qazan­mış­lar. Bu dillərdə danışan xalqlar avro­pa­lılara bəlli ol­duq­ları üçün ərəb-fars dilində yazıb-yaratmaq sənət­karların Qərbə çıxış­la­rına da mü­nasib şərait yaratmışdır.
Beləliklə, Azərbaycanda ədəbiyyatın əhatə etdiyi coğrafiyada təbii olaraq fars dili daha geniş məkanı özündə cəmləş­dirmişdir.
Həmin dövrün qaydalarına uyğun olaraq Nizami Gəncəvi Şərq ölkələrində qəbul olunmuş dildə yazıb-yaratmışdır. Nizami Gəncəvinin Azərbaycan xal­qına mənsub sənətkar olması şəksizdir.
Nizaminin Azərbaycan şairi olmasını Məmməd Əmin Rəsulzadənin "Azərbaycan Şairi Nizami" əsərindən öyrənmək mümkündür. 1951-ci ildə çap edilən bu əsərdə Rəsulzadə faktlarla sübut edib ki, Nizami Gəncəvi Azərbaycan şairidir və Gəncə şəhərlərində doğulub. Hətta o dövrdə İranın bəzi tədqiqatçıları saxtakarlıqla N.Gəcəvinin əsərlərinə bəzi misralar əlavə edərək, güya onun Qum şəhərində doğulduğunu iddia etmişdilər. Lakin Rəsulzadə bununu təkzib edərək misraların saxta olduğunu sübut etdi. Digər tərəfdən Nizami Gəncəvinin Azərbaycan şairi olduğunu ölkəmizin mühacirətdə yaşamış tədqiqatçıları da araşdırıb və təsdiqləyiblər.
Bundan əlavə Sovet Azərbaycanında da Nizami Gəncəvinin Azərbaycan şairi olması barəsində ciddi tədqiqatlar aparılıb. Məsələn görkəmli professor Y.Bertels araşdırmalar apararaq 1940-ci illərdə kitablarını çap etdirmiş və bu əsərlərdə Nizaminin Azərbaycan şairi olduğunu təsdiqləmişdir".