İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Ismayıllı rayon MKS
İsmayıllının tarixi-memarlıq abidələri
2 Oktyabr , 2015

    Qala İsmayıllı rayonunun Xanagah kəndində yerləşir. Qülləli qalanın digər qız qalaları kimi müdafiə-gözətçi məqsədi ilə tikildiyi güman edilir.İsmayıllı rayonunun Xanagah kəndi yaxınlığında, Axox çayının sahilində, "İsmayıllı" dövlət yasaqlığının ərazisində yerləşir. XI – XII əsrlərə aid qala Axox çayının sağ sahilində sərt yamaclar və sıldırım qayalarla əhatələnmiş dağın üstündə tikilmiş müdafiə istehkamıdır. Divarları daşdandır. Bəzi yerləri kərpiclə üzlənmişdir. Abidənin şimal hissəsində sahəsi 300 m2 olan terrasda "içqalası"ından Talıstan kəndi yaxınlığında yerləşən Cavanşir qalasına yeraltı yolun olduğu güman edilir. Qalaya gedən yolun üstündə "Qız qalası" istirahət mərkəzi yerləşir ki, oraya qədər avtomobil yolu var. Həmin mərkəzdən qalaya qədər gedən yolun son 1 km-ni piyada çıxmaq lazımdır.

 Ümumi memarlığı

     Ön istehkam Qarasu dərəsindədir. Uzunluğu 28,6 m, hündürlüyü 7,7 m, qalınlığı 1,8 m olan bu sədd dərənin ağzını qapayırmış. Səddin ortasında üstü tağşəkilli darvaza yerləşirdi. Səddi keçdikdən sonra Qarasu dərəsi ilə şimala doğru qalxdıqca sağ tərəfdəki sıldırım qayalıqdakı boşluqları qapayan qala divarlarının qalıqları görünür. Abidənin şimal küncündən başlayaraq qala divarları həm şərq, həm də qərb yamacı boyunca uzanaraq onu dövrəyə alır. Ümumiyyətlə, Qız qalasının planı mürəkkəb formalıdır. Qalanın ümumi sahəsi 1,5 hektara qədərdir. Sahəsi 300 kv.m olan narınqala üst terrasda yerləşməklə hakim mövqeyə malikdir. O qalanın şərq divarı ilə hüdudlanır, digər tərəflərdən isə sərt enişə ayrılır. Qalanın inşaatında daşdan və bişmiş kərpicdən, kirəc məhlulundan istifadə olunmuşdur.