İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Ismayıllı rayon MKS
Xəbərlər
12 May , 2016
12 may 2016-cı il tarixdə Uşaq Yaradıcılıq Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və İsmayıllı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanda multikulturalizm gənclərin gözü ilə” mövzusunda konfrans keçirilmişdir.

Konfrans iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Konfransı giriş sözü ilə açan Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin şöbə müdiri Amil Cavadov bildirib ki, Azərbaycanın multikulturalizm siyasətinin region gəncləri arasında daha dərindən mənimsənilməsi, milli mənəvi dəyərlərin qorunub saxlanılması və təşviqi zəruridir. O bildirib ki, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq, Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Amil Cavadov Prezident İlham Əliyevin Azərbaycan multikulturalizminin elmi əsaslarla öyrənilməsi və dünyada təbliği istiqamətində göstərdiyi konkret hədəflərə çatmaq üçün atılan əməli addımları dövlət qurumları, hökumət adamları ilə yanaşı, hər bir vətəndaşımızın da üzərinə şərəfli vəzifə qoyduğunu vurğulayıb.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov konfransda çıxış edərək dövlətin multikulturalizm və tolerantlıq siyasətindən, bu sahədə gənclərin fəal mövqeyindən, Prezident İlham Əliyevin “Multikulturalizm ili” elan etdiyi 2016-cı ilin ötən müddətində görülən tədbirlərdən danışıb. O qeyd edib ki, ölkəmizdə aparılan hüquqi-demokratik islahatlar, vətəndaş cəmiyyəti quruculuğu həyatımızın bütün sahələrini əhatə edir, insanların hüquq və azadlıqlarının, milli mənəvi dəyərlərinin qorunmasına və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verilir.

Rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov çıxışında azərbaycanlıların, rusların, habelə bir sıra etnik qrupların birgə yaşadıqları İsmayıllıda gənclər arasında yaşanan tolerantlıq münasibətlərindən bəhs edərək xalqımızın tarixən multikultural dəyərlərə malik olduğunu vurğulayıb.

Sonra konfransda İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edib. O, xalqımızın tarixən multikultural və tolerantlıq kimi milli mənəvi dəyərlərə malik olduğunu, bu dəyərlərin ölkəmizin inkişafına, beynəlxalq nüfuzunun artmasına mühüm töhfələr verdiyini diqqətə çatdırıb. Mirdaməd Sadıqov ölkəmizdə təşkil edilən beynəlxalq tədbirlərdən danışaraq bildirib ki, bu yaxınlarda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, eləcə də 2017-ci ildə keçiriləcək IV İslam Həmrəylik Oyunları Azərbaycanın tolerant və multikultural dəyərlərinin təbliği baxımından çox böyük əhəmiyyət daşıyır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan və ildən-ilə inkişaf edən Azərbaycanda bu formatda tədbirlərin keçirilməsi təbiidir.

Sonda xalqımızın multikulturalizm dəyərlərindən bəhs edən “Fitnə” filmi nümayiş etdirilib.