İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Ismayıllı rayon MKS
Dağlıq Qarabağ münaqişəsi
1 Noyabr , 2016

Qarabağ Azərbaycanın ən qədim tarixi vilayətlərindən biridir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı Azərbaycan dilindəki "qara" və "bağ" sözlərindən əmələ gəlmişdir. "Qara" və "bağ" söz birləşməsi Azərbaycan xalqının özü qədər qədim tarixə malikdir. Dünyanın hər yerində bu söz birləşməsinin Azərbaycanın konkret ərazisinə aid edilməsi də danılmaz həqiqətdir. Azərbaycan xalqının öz doğma torpağının bir parçasına verdiyi "Qarabağ" sözü ilk mənbələrdə hələ 1300 il bundan əvvəl (VII əsrdən) işlənmişdir. Qarabağ əvvəllər bir tarixi-coğrafi anlayış kimi konkret məkanı bildirmiş, sonra isə Azərbaycanın geniş coğrafi ərazisinə aid edilmişdir. Bu hal Azərbaycan üçün xarakterikdir: Naxçıvan şəhəri – Naxçıvan bölgəsi, Şəki şəhəri – Şəki bölgəsi, Gəncə şəhəri – Gəncə bölgəsi, Lənkəran şəhəri -Lənkəran bölgəsi.

"Qarabağ"ın Azərbaycanın konkret bir vilayətinin, bir bölgəsinin adı kimi formalaşması tarixi onun etimologiyasının daha elmi şəkildə izahına imkan verir. Çünki, Azərbaycan dilində (həmçinin başqa türk dillərində) "qara"nın rəngdən başqa "sıx", "qalın", "böyük", "tünd" və başqa mənaları da vardır. Bu baxımdan, "Qarabağ" termini "qara bağ", yəni "böyük bağ", "sıx bağ", "qalın bağ", "səfalı bağ" və s. mənası kəsb edir.

 Qarabağın bölgələri

  • Dağlıq Qarabağ bölgəsi – Xankəndi, Xocalı, Şuşa, Ağdərə, Əsgəran, Xocavənd.
  • Qərb bölgəsi – Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Daşkəsən, Gədəbəy.
  • Yuxarı Qarabağ bölgəsi – Ağdam, Ağcabədi, Beyləqan, Goranboy, Naftalan, Füzuli, Cəbrayıl, İmişli, Bərdə, Tərtər.

Tarixi

Qarabağ nəinki Azərbaycanın, hətta bütün dünyanın ən qədim torpaqlarından biridir. Bu ərazidə ən qədim dövrlərə aid yerlər aşkar olunmuşdur. 1968-ci ildə Azıx mağarasında Azıxantrop adlı primitiv Azıx adamının çənə sümüyü tapılmışdır. Çox guman ki, Azıx adamları burada 250-300 min il bundan əvvəl yaşamışlar. Bütün tarix boyu Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olmuşdur. Ərəb xilafətinin işğalı və Qafqaz Albaniyası dövlətinin süqutu ilə VII-IX əsrlərdə Qarabağın tarixində əhəmiyyətli dəyişikliklər baş verdi.

Ərəb işğalının nəticəsində Albaniyanın xristian əhalisinin əksəriyyəti İslamı qəbul etdi, qalanları, xüsusilə Albaniyanın Qarabağ yüksəkliklərində yaşayan əhali isə IV əsrdə Albaniyanın dövlət dini elan olunmuş xristianlıqdan imtina etmədi. XIX əsrin əvvəllərində Şimali Azərbaycan ərazilərinin Rusiya tərəfindən işğalından sonra Eçmiədzinin təzyiqi və israrlı müraciətləri nəticəsində Rus çarının Alban Katalikosunun ləğvi barədə qərarı Qarabağ yüksəkliklərinin Alban əhalisinin gürcüləşdirmə və erməniləşdirmə prosesinin başlanğıcını qoydu.    

Qarabağ SacilərSalarilərŞəddadilərAtabəylərHülakilər (Elxanilər), Qaraqoyunlu,Ağqoyunlu kimi ərəblərin işğalından sonra Azərbaycanda biri birini əvəz etmiş müxtəlif müsəlman dövlətlərinin tərkibində olmuşdur. Azərbaycan Səfəvilər Dövlətinin (1501) yaranması bütün Azərbaycan torpaqlarının mərkəzləşdirilməsinin əsasını qoydu. Səfəvilər tərəfindən yaradılmış dörd əyalətdən birinin adı Qarabağ və ya Gəncə idi. Səfəvilər Dövlətinin mövcudluğuna son qoymuş Nadir şahın ölümündən sonra Azərbaycanda yeni müstəqil və yarı-müstəqil dövlətlər, xanlıqlar və sultanlıqlar yarandı. Onlardan biri Qarabağ xanlığı idi. Qarabağ xanlığı Azərbaycanın görkəmli dövlət xadimlərindən biri olan Pənahəli Bəy Cavanşir tərəfindən yaradılmışdır. Onun oğlu İbrahim xanın dövründə Qarabağ xanlığı daha da gücləndi. 1805-ci ildə İbrahim xan Rusiya silahlı qüvvələrinin komandiri P.D.Sisianov ilə Kürəkçayda müqavilə imzaladı. Kürəkçay müqaviləsinə əsasən Qarabağ xanlığı müsəlman – Azərbaycan torpağı kimi Rusiyaya birləşdirildi. Kürəkçay müqaviləsi Qarabağın, onun dağlıq bölgəsi də daxil olmaqla, tarixi Azərbaycan torpağı olduğunu sübut edən ən mühüm sənədlərdən biridir. Şimali Azərbaycanın işğalından sonra bu torpaqlarda mövqeyini möhkəmləndirmək məqsədi ilə çarizm erməniləşdirmə siyasətini tətbiq etməyə başladı. 1828-ci il Türkmənçay müqaviləsi və 1829-cu il Ədirnə müqaviləsinə əsasən İran və Türkiyədən köçürülmüş ermənilər Qarabağ da daxil olmaqla Şimali Azərbaycanda məskunlaşdırıldılar. 1918-ci il mayın 28-də, təxminən 100 illik Rusiya müstəmləkəsindən sonra Azərbaycan xalqı Şimali Azərbaycanda yeni müstəqil dövlətini yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti Qarabağ üzərində də siyasi hakimiyyəti saxladı. Eyni zamanda, yeni yaranmış Ermənistan (Ararat) respublikası da Qarabağa qarşı əsassız ərazi iddiaları ilə çıxış etdi. Qarabağı ələ keçirmək məqsədi ilə bu dövrdə ermənilər əvvəllər də həyata keçirdikləri soyqırım aktlarını törətməyə davam etdilər. Vəziyyətlə əlaqədar olaraq, 1919-cu ilin yanvarında Azərbaycan hökuməti ŞuşaCavanşirCəbrayıl və Zəngəzur qəzalarını əhatə edən Baş Qarabağ Əyalətini yaratdı. 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet dövlətinin bərqərar olmasından bir neçə il sonra, 1920-1923-cü illərdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində keçmiş Qarabağ xanlığının tərkibində olmuş Azərbaycan torpaqları özlərinin ənənəvi tarixi və geocoğrafi bütövlüyünü itirdi. Sovetləşdirildikdən sonra Azərbaycan Dağlıq Qarabağa muxtar vilayət statusu verməyə məcbur edildi. Beləliklə, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ süni şəkildə aran və dağlıq hissələrə bölündü. Bütün bu tarixi ədalətsizliklərə baxmayaraq, Dağlıq Qarabağ Muxtar Vilayətinin siyasi, sosial, iqtisadi və mədəni inkişafını təmin etmək üçün Azərbaycan bu bölgədə kompleks islahatlar həyata keçirdi. Amma yenə də erməni separatçıları öz mənfur siyasətlərini həyata keçirməyə və bununla da Azərbaycana ciddi ziyan vurmağa davam etdilər.SSRİ-nin süqutu ərəfəsində onlar öz fəaliyyətini sürətləndirdilər. Azərbaycana qarşı təcavüzkar müharibə başlandı. SSRİ-nin süqutu ərəfəsində onlar öz fəaliyyətini sürətləndirdilər. Ermənistan Azərbaycana qarşı təcavüzkar müharibəyə başladı. 1992-ci ilin fevral ayında 25-dən 26-sına keçən gecə Erməni terror qruplaşmaları 366-cı motoatıcı alayın dəstəyilə Xocalıda 20-ci əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı Soyqırımını törətdi.

X A N K Ə N D İ


 

Xankəndi — Azərbaycan Respublikasında şəhər. 1991-ci il dekabrın 25-dən 26-na keçən gecə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.

 İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan şəhər tipli qəsəbəsi daxildir. Sahəsi 8 km²-dir. Paytaxt Bakıdan 329 km aralıda yerləşir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Xankəndi şəhərinin 53,3 min nəfər, Kərkicahan qəsəbəsinin isə 2 min nəfər əhalisi vardır. Hazırda erməni silahlı qüvvələrinin nəzarəti altındadır.

 Xankəndi digər Azərbaycan şəhərlərinin əksəriyyətindən nisbətən cavan olması ilə fərqlənir. Arxiv sənədlərinə görə şəhər XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığı başçılarının-xanların istirahəti üçün yaşayış məskəni kimi salınır. Xanların fəaliyyətinə maksimum şərait yaradılması üçün məskən xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində salınır. Bu zaman onun xanlığın digər vacib şəhər və kəndlərinə,AğdamaXocalıyaMalıbəyliyə, Kərkicahana və digərlərinə yaxın olması da əsas götürülüb. Belə ki, yeni yaşayış məntəqəsi kimi digər yaşayış məntəqələrində də ancaq yerli əhali, azərbaycanlılar yaşayırdı. İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında "Xanın kəndi" kimi tanınır. Qısa bir müddətdən sonra qəsəbə Xankəndi adını alır.

 1988-ci ildə Ermənistan SSR-dən gəlmiş erməni millətçi emissarlarının təşkilatçılığı ilə Xankəndində ermənilər Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsi tələbi ilə icazəsiz mitinqlərə başladılar. İlk mitinq 13 fevral 1988-ci ildə Xankəndinin mərkəzi meydanında təşkil olundu. Bundan bir həftə sonra, 20 fevralda Dağlıq Qarabağ Ali Sovetindəki erməni deputatlar qanunsuz olaraq vilayətin Azərbaycanın tərkibindən ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi məsələsini qaldırdı. Bu, Dağlıq Qarabağın azərbaycanlı icmasının haqlı narazılığına səbəb oldu. Bundan sonra Sovet rəhbərliyi vəziyyəti stabilləşdirmək üçün Xankəndinə Daxili Qoşunların batalyonunu göndərdi. Həmin aylardan etibarən ermənilərin azərbaycanlılara qarşı terror hərəkatı başlandı. Xankəndi erməniləri Şuşaya gələn su kəmərini zəhərləməyə cəhd etdilər. 20 fevralda Xankəndi mərkəzi xəstəxanasında praktika keçən iki azərbaycanlı tələbə qız ermənilər tərəfindən zorlandı. 2 gün sonra isə Ağdamdan yüzlərlə azərbaycanlı gənc bunu qisasını almaq üçün Xankəndinə yürüş etdilər. Onların qarşısı Əsgəranda silahlı ermənilər və rus əsgərləri tərəfindən kəsildi. Baş verən qarşıdurmada iki azərbaycanlı qətlə yetirildi, çoxlu sayda insan isə yaralandı. Bu gənclər sonradan illərlə davam edəcək Dağlıq Qarabağ münaqişəsinin ilk qurbanları oldular.

 May ayının 25-dən etibarən isə Vilayət Partiya Komitəsində məsul vəzifədə çalışan azərbaycanlılar işdən çıxarıldı. İlk olaraq ermənilər 1988-ci ilin 18 sentyabrında Xocalıya hücum etdilər. Güclü müqavimətlə rastlaşdıqdan sonra onlar Xankəndində olan azərbaycanlıların evlərinə basqınlar təşkil etdilər. Mayor Şahbazyanın başçılığı altında həm yerli milis idarəsində, həm də Ermənistanda çalışan milis işçilərindən ibarət dəstələr yaradıldı. Azərbaycanlıların yaşadıqları evləri yandırmaq məqsədilə bu dəstələrdən hər biri bir küçəyə nəzarət edirdi. Zavodskoy küçəsi, Puşkin küçəsi, Ü.Hacıbəyov küçəsi, Özbəkistan küçəsi, Bazarnaya küçəsi, DQMV-50 küçəsində evlərə hücum edərək müxtəlif vasitələrlə onları yandırmağa başladılar. Sabir və Lesnoy küçələrinə də hücum edən ermənilər orada müqavimətlə rastlaşdıqlarından geri çəkilməyə məcbur oldular. Daha sonra M.Paşayev, Timiryazev, Magilyevski və Admiral İsakov küçələrində də yanğınlar törətdilər. Ümumilikdə isə 59 ev yandırıldı. Sentyabr ayının 18-də 20-nə kimi ermənilər talan və qarətlərinin davam etdirdilər. Beləliklə, 1988-ci ilin sentyabr ayında ermənilər Xankəndi şəhərində yaşayan bütün etnik azərbaycanlıların hamısını zorla şəhərdən qovurlar. Xankəndində Azərbaycanın büdcəsinin pulu ilə tikilmiş bütün sənaye müəssisələrinin başçıları ermənilər idi. Həmin müəssisələr gizlin olaraq atıcı silahlar və minalar istehsal edərək bunları erməni silahlı dəstələrinə paylayırdılar. 1991-ci ilin dekabr ayında SSRİ öz mövcudluğuna son verdi. Xankəndindəki ermənilər bunu fürsət kimi bilib dərhal şəhərdə yerləşən hərbi bazaya hücum edərək oradakı bütün silahları ələ keçirdilər. Döyüş zamanı bir neçə erməni silahlısı və bir rus əsgəri öldürüldü. Bazada olan rus əsgərlərinin bir hissəsi ermənilərlə vuruşmağa razılıq verdi, buna razı olmayanlar isə Qarabağdan qovuldular. Lakin bundan daha əvvəl Xankəndində yerləşən 366-cı moto-atıcı alayın rus əsgərləri öz silahlarını ermənilərə satmağa başlamışdılar. 1991-ci ildə Qarabağda olan amerikalı hüquq müdafiəçisi Skot Harton bu barədə yazaraq bildirir ki, hərbi bazada xidmət edən rus zabiti onu yerli biznesmen kimi təsəvvür edərək ona tankı 3000 ABŞ dollarına almağı təklif edib. Bəzi şahidlər isə rusların silahlarını araq  əvəzinə ermənilərə verdiyini deyir. Müharibə boyunca Azərbaycan Ordusunun bölmələri bir neçə dəfə Xankəndinə yaxınlaşsa da, şəhəri işğaldan azad etmək mümkün olmayıb.