İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik,zəka mənbəyidir.
Xəbərlər
14 Dekabr , 2017
Kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən nəsillərə yetirən fikir gəmisidir. 
F.Bekon
Kitab insanın bəlkə də ən yaxın dostudur, əzizidir, doğmasıdır. Çox vaxt heç kimdən ala bilmədiyin məlumatları, sənə həyatda var olmaq üçün, düzgün yaşamaq və insanlarla münasibət qurmaq üçün lazım olan informasiyaları kitab verir. Hər bir insanın özünü dərk etdiyi gündən ilk dostu onun kitabıdır. Kitab sehrli bir əşya kimidir. 
Kitab sehrli bir dünyadır…
Əlimizdəki səhifələrin üzərinə işlənmiş 32 hərfdən ibarət kombinasiyaları oxuyaraq getmədiyimiz yerlərə gedib, başqaları kimi düşünüb, hətta fərqli zamanlara səfər belə edə bilərik. Kitabların insanlara qatdığı dəyər olduqca çoxdur. Hər şeydən əvvəl kitablar daha yaxşı bir şəxsiyyət olmağımızı təmin edir. Fərqli yazarların kitablarını oxuduğumuz zaman fərqli yazı stilləri görürük. Nə qədər çox şey oxusaq, yazı yazma mövzusunda o qədər çox şey öyrənirik. Bu da yazı yazma qabiliyyətimizin güclənməsini təmin edir.
Kitab oxumaq xoşbəxtliyin yolunu açır. Xoşbəxtlik, daxili dincliyin təmin edilməsi halıdır. İstədiyiniz hər şeyə sahib olsanız belə, iç dünyanızda doldurulmayacaq boşluqlar varsa, bütün dünya önünüzə sərilsə, yenə xoşbəxt ola bilməzsiniz. Xoşbəxtliyin tərifi olan daxili dincliyi tapmağın yollarından biri də oxumaqdır.
Oxumaq zamanla öz içindəki kitabı tapmağa, yəni özünü bilməyə yönəldər insanı. Oxumanın mənası inkişaf etməkdir, özünü və bütün kainatı kəşf etməkdir. Oxumaq - zehni, fiziki və ruhi istiqamətdən inkişafa gətirib çıxarır. Bu istər bir kitab olsun, istər bir qəzet, istərsə də təqvim yarpağının arxasındakı yazı olsun, oxunan hər şey, oxuyanda bir təsir buraxır. Oxumadan əvvəlki vəziyyətiniz ilə oxumadan sonrakı vəziyyətiniz arasında fərq meydana gəlir. Artıq siz əvvəlki siz deyilsiniz. Bir çox istiqamətdən dəyişməni hiss edirsiniz. Müəyyən bir müddətdən sonra məlumat dağarcığınız genişlənməyə başlayır, danışdığınız dilə hakim vəziyyətə gəlib gözəl və axıcı danışığınızla sizi dinləyənə müsbət istiqamətdə necə təsir etdiyinizə şahid olursunuz.
Kitab sehrli bir dünyadır…
Turanə Əzizova