İSMAYILLI RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Ismayıllı rayon MKS
Xəbərlər
25 Dekabr , 2017
İsmayıllı son bir neçə ildir ki, Prezident İlham Əliyevin təsdiq etdiyi “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının icrası sahəsində daha uğurlu nəticələr qazanır. Kənd təsərrüfatı istehsalı sahəsindəki nailiyyətlər, aqrar sahənin elmi əsaslarla idarə olunması, yeni-yeni sosial obyektlərin, sənaye müəssisələrinin istifadəyə verilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi, magistral yolların çəkilməsi, enerji təsərrüfatının yenidən qurulması, fındıq, qoz və intensiv meyvə bağlarının salınması, tütünçülüyün və baramaçılığın bərpası, su-kanalizasiya sisteminin yaxşılaşdırılması üzrə 2-ci layihənin icrası və çoxsaylı digər yeniliklər deyilən fikri sübuta yetirir.
Bütün bunlara əsaslanan rayon icra hakimiyyəti İqtisad Universiteti və Aqrar Universitetin alimləri və mütəxəssislərinin iştirakı ilə birgə şəhər Mədəniyyət Mərkəzində “İlham Əliyev və regionların sosial-iqtisadi inkişafı” mövzusunda elmi-praktik konfrans keçirib.
Əvvəlcə iştirakçıların bir qrupu Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Konfrans öz işinə başlamazdan əvvəl iştirakçılar foyedə Ismayıllı MKS nin təşkil etdiyi nailiyyətləri əks etdirən kitab  sərgisinə  və ölkə başçısının İsmayıllıya səfərlərindən bəhs edən filmə baxıblar.
Konfransı giriş sözü ilə İsmayıllı rayon icra hakimiyyətinin başçısı, iqtisad elmləri doktoru Mirdaməd Sadıqov açaraq Dövlət Proqramlarının mahiyyətindən, onun icra mexanizmləri və nəticələri barədə ətraflı danışıb. “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının icra nəticəsi olaraq şəhərin və iri yaşayış məntəqələrinin tamamilə yeniləşdiyini, təhsildə, səhiyyədə, mədəniyyət və turizmdə, idmanda, gənclər siyasətinin həyata keçirilməsində  qazanılan uğurları diqqətə çatdırıb.
İqtisad Universitetinin professoru Məhiş Əhmədov və Aqrar Universitetin professoru Məhərrəm Hüseynov çıxışlarında Dövlət Proqramlarının ölkə üzrə müvəffəqiyyətlə icra olunmasından, dünyada baş verən siyasi, iqtisadi, maliyyə, diplomatik böhranlara baxmayaraq Prezident İlham Əliyevin siyasi dəyanəti nəticəsində Azərbaycanın durmadan irəliləməsindən bəhs ediblər.
Konfransda İsmayıllı Dövlət Humanitar və Texnologiya kollecinin direktoru Kəmalə Süleymanlının, Quşçuluq ASC-nin direktoru Zahid Qardaşovun, rayon veteranlar Şurasının sədri Əlaləm Babayevin müxtəlif mövzularda çıxışları dinlənilib.
Konfransda qeyd olunub ki, Dövlət Proqramlarında İsmayıllının sosial-iqtisadi inkişafı ilə əlaqədar nəzərdə tutulan məsələlər öz həllini tapıb. Bir çox perspektiv layihələr də ilkin hazırlıq ərəfəsindədir, icrası üçün yerli imkanlar və resurslar müəyyən edilir. Bütün bu yeniliklərin hamısı barədə danışmadan onu qeyd etmək vacibdir ki, nəticə olaraq İsmayıllı 2017-ci ildə özünümaliyyələşdirməyə keçib.
Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Foto Qalereya